Asiya praqmatizmi önə çıxır| ŞƏT-dən sonra BRICS-ə dəvət olacaq?

2024/07/1720089968.jpg
Oxunub: 1038     16:28     04 İyul 2024    
Si Cinpin və İlham Əliyev arasında Astanada keçirilən görüşdən məlum olub ki, Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etmək üçün dəvət alıb.

Sammit gələn il Çində keçiriləcək, İlham Əliyevin iştirakı isə Pekinə dövlət səfəri səviyyəsində baş tutacaq. Azərbaycanın təşkilatla əlaqələrinin hüquqi statusunun yüksəldilməsi məsələsinin ŞƏT-in növbəti sammitində müzakirə olunacağı açıqlanıb. Bu o deməkdir ki, Azərbaycan ən azı ŞƏT-in müşahidəçi üzvü olacaq. Çin həm də Azərbaycanın BRICS-ə üzv olmaq istəyini alqışlayıb və dəstəkləməyə hazır olduğunu bildirib.

Noyabrda BRICS sammitinin keçirilməsi planlaşdırılır. İlin əvvəlindən təşkilata sədrlik Rusiyaya keçib. Hazırlıq işləri məqsədilə bu yaxınlarda Nijni Novqorodda Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirak etdiyi nazirlər görüşü keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ŞƏT-in Astana sammiti öncəsi bildirib ki, BRICS-in indiki mərhələdə genişlənmə planı yoxdur.

Bununla belə, İlham Əliyevin noyabrda Kazanda keçiriləcək BRICS sammitinə dəvət ediləcəyini ehtimal etmək olar. Tarixən Kazan Qızıl Ordanın paytaxtıdır, türk etnik qruplarının Şərqi Asiya və Orta Asiyadan qərbə doğru hərəkəti isə “İpək Yolu”nun işə salınması dövründən başlayıb. İyulun 3-də Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Çin prezidenti Si Cinpin Transxəzər marşrutunu rəsmi olaraq işə salıblar.

Çin-Azərbaycan strateji bəyannaməsi ilə Çin Azərbaycan-Gürcüstan kommunikasiyasını müasirləşdirməyə sadiqdir. Çin Gürcüstana böyük sərmayə qoyur. Astanada faktiki olaraq Qərbin Mərkəzi Asiyadakı birtərəfli geosiyasi layihələrinə qarşı çıxıldı. Şərq Tərəfdaşlığı proqramını həyata keçirən Avropa İttifaqı əslində aciz qala bilər. Asiya praqmatizmi rəqabətdə üstünlük təşkil edir.

Söyləmək çətindir ki, Astanada Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaz üzərində nəzarəti itirib, onu Çin və Türkiyəyə verib, yoxsa Avrasiya təhlükəsizlik sisteminin iqtisadi-siyasi əsası qoyulub? Sualın cavabından əslində az şey dəyişir. Aydındır ki, Aİ və ABŞ ya ciddi, uzunmüddətli və çox baha başa gələn rəqabət planlaşdırmalı, ya da Çin, Rusiya və Türkiyə ilə kompromislər axtarmalıdır.

Brüsselin bürokratik xırdalıqlardan əl çəkərək, qapılarını Gürcüstan və Ermənistana geniş açacağını təsəvvür etmək çox hipotetik olar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ŞƏT   BRICS  


Bizi "telegram"da izləyin